AZ|RU|ENG
... AZER ILME ...
Burada ipliklər xalq üsulu ilə təbii yolla, əsasən də bitki mənşəli boyaq tərkibləri ilə boyanır.
Zahirən sadə görünən bu iş üsulu ustadan böyük məharət tələb edir. Xalçalarda istifadə edilən qırmızı, yaşıl, sarı, mavi, sürməyi, qara, ağ kimi 7 növ əsas rəngin və onların çalarlarının alınması üçün qoz qabığı, nar qərzəyi, indiqo, tut, heyva, qoz ağaclarının yarpaqlarından, “boyaqotu” kolunun köklərindən və müxtəlif üsullardan istifadə edilir. Məsələn, sarı və bu rəngin yarım tonlarını almaq üçün soğan qabığı, alma qabığı, sarıçöp və payızda yığılmış tut yarpaqlarından, qırmızı və çəhrayı rəngləri almaq üçün “boyaqotu”ndan, sürməyi, mavi və yaşıl rəngləri almaq üçün isə indiqodan istifadə edilir. Boyama prosesinin sonunda usta tərəfindən boyaqların rəngləmə intensivliyini və davamlılığını artırmaq məqsədilə boyağa duz, zəy və ya sirkə kimi bərkidici maddələr əlavə edilir.

Boyanmış kələflərin xüsusi dolablarda suyunun sıxılması və isti kameralarda qurudulması üçün “Azər-İlmə” müəssisəsində əlverişli şərait yaradılmışdır.
İpliyin boyaq maddəsini tam qəbul etməsi, rəngin bərkidilməsi prosesi xalçanın yüksək bədii və texniki keyfiyyətinə zəmanət verən amildir.

Bu rənglər Azərbaycanın ayrı-ayrı bölgələrinin əsrarəngiz mənzərələri, güllü - çiçəkli bağları, yaşıl meşə və çəmənliklərinin xalçalar üzərində bədii əksidir.
Təbii üsulla alınan bu boyaq maddələr toxunduqları xalçaların kompozisiyasında emosional təsir gücünü artırır, parlaq və dolğun rəng həllini tamamlayır, xalçaya ecazkar görkəm verir.

About us     Making     Gallery     Our carpets     Contacts
 
Copyright 2006 www.azerilme.az Created by:Tural Bahadurov